Thursday, 29 September 2022, 14:33:34 — Baku (UTC+4)
Türk Dövlətləri Parlament Assambleyası

TÜRKPA Missiyası Daşkənddə rəsmilərlə görüşüb

TÜRKPA Beynəlxalq Müşahidə Missiyası 24 oktyabr 2021-ci il tarixində keçiriləcək prezident seçkilərinin qısamüddətli müşahidəsini həyata keçirmək məqsədilə Daşkəndə gəlib.Türkiyə Böyük Millət Məclisinin (TBMM) üzvü, TÜRKPA-nın Ətraf mühit, təbii ehtiyatlar və sağlamlığın qorunması komissiyasının sədr müavini Rəcəb Şekerin rəhbərlik etdiyi Missiya parlament üzvləri – Ağalar Vəliyev (Azərbaycan), Cəmilə Nurmanbetova (Qazaxıstan), Ənvər Artıkov, Muxtarbek Aynakulov (Qırğızıstan), Şenel Yediyıldız, Ömər Fethi Gürer, Yüksel Özkan və Yaşar Karadağ (Türkiyə), həmçinin TÜRKPA Katibliyinin diplomatik heyətindən ibarətdir.

Oktyabrın 22-də Missiya üzvləri Özbəkistan Respublikası Mərkəzi Seçki Komissiyasının sədri Zayniddin Nizamxodjayev, Özbəkistan Respublikası Ali Məclisi Senatı sədrinin birinci müavini Sodik Safoyev və Özbəkistan Respublikası Ali Məclisi Qanunvericilik Palatasının Beynəlxalq məsələlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Dilorom Fayziyeva

ilə görüşüblər.

Bu görüşlər zamanı Missiya başçısı cənab Şeker Missiyanın müşahidə proqramı haqqında məlumat verib. O, beynəlxalq müşahidəçilər üçün yaradılan şəraitə görə təşəkkürünü və seçkilərin Özbəkistanın xeyrinə ədalətli, sərbəst və şəffaf keçiriləcəyinə inandığını bildirib.

Missiyanın həmsöhbətləri şəffaf və demokratik seçkilərin təmin edilməsi baxımından prezident seçkilərinin monitorinqi prosesində TÜRKPA müşahidəçilərinin iştirakının əhəmiyyətini vurğulayıblar. MSK sədri seçkilərə hazırlıqla bağlı həyata keçirilən tədbirlər, o cümlədən logistik və texniki aspektlər barədə Missiyaya məlumat verib və müşahidəçilərin suallarını cavablandırıb.

Müşahidə proqramı çərçivəsində TÜRKPA müşahidəçiləri siyasi partiyaların nümayəndələri ilə görüşlər keçirəcək. Missiya seçki günü səsvermənin gedişini izləmək üçün seçki məntəqələrinə baş çəkəcək və növbəti gün müşahidənin nəticələri ilə bağlı mətbuat konfransı keçirəcək.