Wednesday, 08 December 2021, 19:50:15 — Baku (UTC+4)
Türkdilli Ölkәlәrin Parlament Assambleyası

TÜRKPA nümayəndə heyəti AQFETM-in xarici işlər nazirlərinin 6-cı iclasında iştirak edib

2021-ci ilin 11-12 oktyabr tarixlərində Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQFETM) “Post-pandemiya dövrünün yeni reallıqlarında Asiyada təhlükəsizlik və dayanıqlı inkişaf” mövzusunda xarici işlər nazirlərinin 6-cı iclası Nur-Sultan şəhərində keçirilmişdir. AQFETM üzv ölkələrinin xarici işlər nazirləri və nazir müavinləri, AQFETM müşahidəçi ölkələrinin xarici işlər nazirləri və nazir müavinləri, Qazaxıstan Respublikasındakı səfirləri və səfirliklərinin nümayəndələri, beynəlxalq təşkilatların və AQFETM tərəfdaş təşkilatlarının nümayəndələri iclasda iştirak edib.

Həmçinin baş katib Altınbek Mamayusupovun başçılıq etdiyi TÜRKPA nümayəndə heyəti iclasda iştirak edib.

Tədbirdən öncə Qazaxıstan Respublikası Prezidenti Kasım-Jomart Tokayev nümayəndə heyəti başçılarını qəbul edib.

Gündəliyin qəbulundan sonra nümayəndə heyəti başçıları çıxış ediblər. AQFETM xarici işlər nazirlərinin 6-cı iclası zamanı hüquqi sənədlərə düzəlişlər və Yüksək Vəzifəli Rəsmilər Komitəsinin tövsiyələri daxil olmaqla çox sayda sənədlər qəbul edilmişdir.

AQFETM xarici işlər nazirlərinin 6-cı iclası mətbuat nümayəndələri ilə görüşlə başa çatmışdır.

Tədbir çərçivəsində baş katib türkdilli dövlətlərin nümayəndə heyəti başçıları ilə bir sıra görüşlər keçirmişdir.

TÜRKPA nümayəndə heyətinin tərkibinə baş katib Altınbek Mamayusupov, baş katibin müavini Talqat Aduov və Sosial, mədəni və humanitar məsələlər komissiyasının katibi Bauırjan Datkayev daxil olmuşdur.