Wednesday, 08 December 2021, 19:23:02 — Baku (UTC+4)
Türkdilli Ölkәlәrin Parlament Assambleyası

Türkistanda Assambleya Şurasının iclası baş tutub

Qazaxıstan Respublikası Parlamentinin evsahibliyində baş tutan Assambleya Şurasının 10-cu iclası 2021-ci ilin 28 sentyabr tarixində Türk dünyasının mənəvi paytaxtı – Türkistanda baş tutub.

Şura üzvləri – Azərbaycan Respublikası Milli Məclisinin sədri Sahibə Qafarova, Qazaxıstan Respublikası Parlamenti Məclisinin sədri Nurlan Niqmatulin, Qırğız Respublikası Joqorku Keneşinin sədri Talant Mamıtov, Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop, həmçinin baş katib Altınbek Mamayusupov iclasda iştirak edib.

İclas zamanı TÜRKPA-da sədrliyin Azərbaycan Respublikası Milli Məclisindən Qazaxıstan Respublikası Parlamenti Məclisinə təhvil verilməsi mərasimi baş tutub. Parlament sədrləri açılış nitqləri ilə çıxış ediblər. TÜRKPA-nın yeni Fəaliyyətdə olan Sədri Nurlan Niqmatulin TÜRKPA-nın Azərbaycan sədrliyi zamanı ötən müddət ərzində təqdirəlayiq fəaliyyətə görə azərbaycanlı həmkarına təşəkkürünü bildirib.

Şura gündəlik maddələrini müzakirə edərək Plenar İclasda seçilmələri üçün baş katib və baş katib müavinlərinin namizədliyini təsdiq edib. Həmçinin iclas zamanı daimi komissiyaların katibləri də seçilmişdir.