Sunday, 25 September 2022, 05:01:12 — Baku (UTC+4)
Türk Dövlətləri Parlament Assambleyası

TÜRKPA Parlament Sədrlərinin 5-ci Ümumdünya Konfransında iştirak edib

Baş katib Altınbek Mamayusupov 2021-ci ilin 6-8 sentyabr tarixlərində Vyanada keçirilən Parlament Sədrlərinin 5-ci Ümumdünya Konfransında iştirak edib. Konfrans Birləşmiş Millətlər Təşkilatı ilə əməkdaşlıq əsasında Parlamentlərarası İttifaq və Avstriya Parlamenti tərəfindən təşkil edilmişdir.

İki gün davam edən konfransın mövzusu “İnsanlara və planetə sülh və davamlı inkişaf gətirən daha səmərəli multilateralizm üçün parlament rəhbərliyi” olmuşdur. Tədbir TÜRKPA üzv parlamentlərinin rəhbərləri daxil olmaqla, dünyanın müxtəlif regionlarından parlament sədrlərini, habelə beynəlxalq təşkilatların nümayəndələrini bir araya gətirmişdir.

İştirakçılar COVID-19 pandemiyasına qarşı mübarizə, pandemiya sonrası gözləntilər və bərpa, dezinformasiyaya qarşı mübarizə, iqlim dəyişikliyi ilə bağlı təcili tədbirlər, gənclərin siyasətdə iştirakı, gender bərabərliyi kimi qlobal məsələlərdə beynəlxalq parlament əməkdaşlığına dair fikir mübadiləsi aparmışdır.

Konfrans çərçivəsində baş katib parlament nümayəndə heyətlərinin üzvləri və digər vəzifəli şəxslərlə görüşərək qarşılıqlı maraq kəsb edən məsələləri müzakirə etmişdir.

Konfrans yüksək səviyyəli Bəyannamənin qəbulu ilə başa çatmışdır.