Sunday, 25 September 2022, 05:00:21 — Baku (UTC+4)
Türk Dövlətləri Parlament Assambleyası

Türkiyənin mədəniyyət və turizm nazirinin müavini Katibliyi ziyarət edib

2021-ci ilin 28 iyun tarixində Türkiyə Respublikasının mədəniyyət və turizm nazirinin müavini Ahmet Misbah Demircanın başçılığı ilə nümayəndə heyəti Katibliyi ziyarət edərək, baş katib Altınbek Mamayusupov ilə görüşüb.

Baş katib qonaqları salamlayaraq, Assambleyanın cari və gələcək fəaliyyətləri barədə məlumat verib. Bu istiqamətdə Assambleya çərçivəsində həyata keçirilən işləri, xüsusən Sosial, mədəni, humanitar məsələlər komissiyasının müvafiq olaraq 2018 və 2020-ci illərdə keçirilmiş türkdilli ölkələrdə film və animasiya sahəsində qanunvericilik və onun yaxınlaşdırılması üzrə 6-cı iclası və seminarı qeyd edərək, növbəti plenar iclasda qəbul ediləcək "Kinematoqrafiya və audiovizual əsərlərin istehsalına xarici sərmayənin cəlb edilməsi" və "Kinematoqrafiya" haqqında model qanun layihələrini vurğulamışdır.

Tərəflər gələcək nəsillərin tərbiyəsi, Türk irsinin və dəyərlərinin onlara ötürülməsində film, animasiya və cizgi filmlərin mühüm rolunu qeyd etmişdir. Onlar Assambleya və Nazirlik arasında əməkdaşlıq perspektivlərini müzakirə etmiş, həmçinin qarşılıqlı maraq kəsb edən məsələlərə dair fikir mübadiləsi aparmışdır.