Sunday, 22 May 2022, 23:25:28 — Baku (UTC+4)
Türkdilli Ölkәlәrin Parlament Assambleyası

Baş katib Qazaxıstan Respublikasının Birinci Prezidenti Gününə həsr edilmiş parlament konfransında çıxış edib

26 noyabr 2020-ci ildə Baş katib Altınbek Mamayusupov Qazaxıstan Respublikasının Birinci Prezidenti Gününə həsr edilmiş onlayn formatda keçirilən beynəlxalq parlament konfransında çıxış edib. “Qazaxıstanda parlamentarizmin qurulması və inkişafında Elbası Nursultan Nazarbayevin rolu” mövzusunda konfransda Türkiyə, Özbəkistan, Rusiya, İtaliya, Çex Respublikası, Vyetnam parlamentlərinin və Avropa Parlamentinin rəhbərləri və üzvləri iştirak etmişdir.

Qazaxıstan Respublikası Parlamenti Məclisinin Sədri cənab Nurlan Niqmatulin açılış nitqi ilə çıxış edib. Cənab Niqmatulin Qazaxıstanın müstəqilliyinin bütün mərhələlərində Elbasının mühüm rolunu qeyd etmişdir. Qazaxıstanın birinci prezidentinin parlamentarizmin Qazaxıstan modeli üçün əsası formalaşdırdığını bildirən Məclis Sədri bu modelin gələcək təkamülünə daim təkan verən Elbasının həyata keçirdiyi islahatların önəmini vurğulamışdır.

Ölkədə dövlətçiliyin yaradılması və möhkəmlənməsində, habelə iqtisadi inkişafında Nursultan Nazarbayevin həyati rolunu vurğulayan iştirakçılar onun parlamentarizmin inkişafı və parlament mədəniyyətinə verdiyi böyük töhfələri qeyd ediblər.

Çıxışı zamanı Baş katib Altınbek Mamayusupov türkdilli ölkələr arasında institusional əməkdaşlığın inkişafında Elbası Nursultan Nazarbayevin səyləri, o cümlədən onun 2006-cı ildə irəli sürdüyü Türkdilli Ölkələrin Parlament Assambleyasının yaradılması təşəbbüsünə toxunmuşdur. Qeyd olunmuşdur ki, bu təşəbbüs 2008-ci ildə İstanbulda Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə parlamentlərinin rəhbərlərinin müvafiq sazişi imzalaması ilə nəticələnmişdir. Bu baxımdan cənab Mamayusupov türkdilli ölkələr arasında inteqrasiya proseslərinin səmərəliliyinin artırılmasına töhfə verəcək vahid hüquqi məkanın formalaşdırılması məqsədilə parlament assambleyasının yaradılması ideyasının müəllifi kimi Elbasının uzaqgörənliyini vurğulamışdır. Həmçinin o, iştirakçılara son illərdə Assambleyanın işi və COVID-19 pandemiyası zamanı həyata keçirilən fəaliyyətlərə dair məlumat vermişdir.