Sunday, 25 September 2022, 06:38:22 — Baku (UTC+4)
Türk Dövlətləri Parlament Assambleyası

“COVID-19 pandemiyası zamanı su ehtiyatlarının və torpaqların qorunması” mövzusunda seminar onlayn formatda təşkil edilmişdir

15 iyun 2020-ci ildə TÜRKPA-nın Ətraf Mühit və Təbii Ehtiyatlar Komissiyası çərçivəsində “COVID-19 pandemiyası zamanı su ehtiyatlarının və torpaqların qorunması” mövzusunda seminar onlayn videokonfrans formatında təşkil edilmişdir.

Tədbirin əsas məqsədi su resursları və torpaq da daxil olmaqla, üzv ölkələrdə qlobal COVID-19 pandemiyasının ətraf mühitə təsirinin müzakirəsi, o cümlədən, müvafiq sahələrdə əməkdaşlıq metodlarının araşdırılması olmuşdur. TÜRKPA üzv parlamentlərindən olan parlamentarilər və ekspertlər, habelə Özbəkistan Respublikası Oliy Məclisi Senatından millət vəkili, üzv ölkələrin və Özbəkistanın Azərbaycandakı səfir və səfirliklərinin nümayəndələri, eləcə də üzv ölkələrin müvafiq nazirliklərinin və müxtəlif qurumlarının nümayəndələri seminarda iştirak etmişdir. Həmçinin BMT İnkişaf Proqramı (UNDP) Azərbaycan üzrə nümayəndəliyinin və Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının Azərbaycan üzrə Tərəfdaşlıq və Əlaqələndirmə Ofisinin nümayəndələri videokonfransa qatılmışdır.

Seminarın açılış mərasimində TÜRKPA Ətraf Mühit və Təbii Ehtiyatlar Komissiyasının sədri və Azərbaycan Respublikası Milli Məclisinin Səhiyyə Komitəsinin sədri cənab Əhliman Əmiraslanov, TÜRKPA Ətraf Mühit və Təbii Ehtiyatlar Komissiyasının sədr müavini və TBMM-nin millət vəkili cənab Recep Şeker və TÜRKPA Baş katibi cənab Altınbek Mamayusupov çıxış etmişdir.

Seminar “COVID-19 pandemiyası zamanı su ehtiyatlarının və torpaqların qorunması” “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında model qanun layihəsinin müzakirəsi” üzrə iki sessiyadan ibarət olmuşdur.

İlk sessiyaya Komissiyanın sədri cənab Əhliman Əmiraslanov sədrlik etmişdir. Sessiya zamanı üzv ölkələrdən olan ekspertlər təqdimatlar etmiş, TÜRKPA üzv ölkələrində su və torpaq resursları ilə bağlı cari vəziyyət haqqında müzakirə aparmışdır. İştirakçılar məsələ ilə bağlı milli qanunvericilik, institusional çərçivə, beynəlxalq əməkdaşlıq mexanizmləri barədə məlumat mübadiləsi aparmışdır.

İkinci sessiyaya Komissiyanın katibi cənab Emin Həsənov moderatorluq etmişdir. İkinci sessiya zamanı üzv ölkələrdən olan ekspertlər qanunvericiliyin yaxınlaşdırılması və enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında model qanunun hazırlanması üzrə məsələləri müzakirə etmişdir.