Saturday, 24 September 2022, 19:50:12 — Baku (UTC+4)
Türk Dövlətləri Parlament Assambleyası

Ankarada Sosial, Mədəni və Humanitar Məsələlər Komissiyası çərçivəsində seminar baş tutmuşdur

27-28 fevral 2020-ci ildə "Film və animasiya (uşaq və yeniyetmələr üçün) sahəsində qanunvericiliyin yaxınlaşdırılması və qanunvericilik çərçivəsi" mövzusunda seminar Türkiyə Böyük Millət Məclisinin (TBMM) ev sahibliyində Ankarada baş tutmuşdur. TÜRKPA-nın Sosial, Mədəni və Humanitar Məsələlər Komissiyasının çərçivəsində təşkil edilmiş seminar TBMM-in 100 illiyinə həsr edilmişdir.

Üzv ölkələrdən olan millət vəkilləri, ekspertlər, mədəniyyət nazirliklərinin, film və animasiya studiyalarının nümayəndələri, eləcə də TÜRKSOY-un nümayəndəsi seminarda iştirak etmişdir. O cümlədən, Özbəkistan nümayəndə heyəti ilk dəfə TÜRKPA komissiyasının işində iştirak etmişdir.

TBMM Spikerinin müavini cənab Süreyya Sadi Bilgiç iştirakçıları salamlamış və açılış nitqi ilə çıxış etmişdir. Açılış mərasimindən sonra seminar müvafiq olaraq TÜRKPA-nın Sosial, Mədəni və Humanitar Məsələlər Komissiyasının sədri cənab Sadık Şer-Niyaz və TÜRKPA-nın Hüquq Məsələləri və Beynəlxalq Əlaqələr Komissiyasının sədri cənab İsmet Uçmanın sədrlik etdiyi iki sessiya ilə davam etmişdir. Seminar zamanı ekspertlər təqdimatlar edərək üzv ölkələrdə film və animasiya sahəsində mövcud vəziyyət və qanunvericilik çərçivəsi barədə məlumat vermişdir. İştirakçılar mövzu ilə bağlı fikir mübadiləsi aparmış, "Kinematoqrafiya və audiovizual əsərlərin istehsalına xarici sərmayənin cəlb edilməsi" və "Kinematoqrafiya" haqqında model qanun layihələrini müzakirə etmişdir.