Sunday, 25 September 2022, 06:34:35 — Baku (UTC+4)
Türk Dövlətləri Parlament Assambleyası

Baş katib ATƏT PA Prezidenti ilə görüşüb

20 fevral 2020-ci ildə, Baş katib Altınbek Mamayusupov Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (ATƏT PA) Prezidenti ilə görüşmüşdür. ATƏT PA-nın 19-cu Qış İclası çərçivəsində baş tutan görüşdə, həmçinin ATƏT PA Baş katibi Roberto Montella, Azərbaycan Respublikasının Vyanadakı Fövqəladə və Səlahiyyətli Səfiri Qalib İsrafilov və Azərbaycan Respublikasının ATƏT PA-da nümayəndə heyətinin üzvü cənab Tahir Mirkişili iştirak etmişdir.

Tərəflər birgə təşəbbüslərin həyata keçirilməsi və TÜRKPA-ya ATƏT PA-da müşahidəçi statusun verilməsi yönündə TÜRKPA və ATƏT PA arasında əməkdaşlığın dərinləşməsi perspektivlərini müzakirə etmişdir. Prezident Tsereteli ATƏT coğrafiyasında fəaliyyət göstərən subregional qrupların əhəmiyyətini vurğulamış və türkdilli ölkələrin parlament ölçüsünün Mərkəzi Asiya və bütün Türk dünyasında etimad tədbirləri üzrə potensial platforma rolunu oynaya biləcəyinə toxunaraq iki təşkilat arasında əməkdaşlığın gələcək inkişafının önəmini qeyd etmişdir.

Cənab Mamayusupov gələcək perspektivdə Özbəkistanın TÜRKPA-ya qoşulması və Türk əməkdaşlıq qurumları ilə əlaqələrin inkişafında maraqlı olduqlarını ifadə edən tərəflərlə birgə, eləcə də Macarıstanın iştirakını ehtiva edən Türk əməkdaşlıq platformasının daha geniş regional kontekstdə önəmini vurğulamışdır. TÜRKPA-nın ATƏT PA fəaliyyətlərində müşahidəçi statusu səviyyəsində iştirakının hər iki təşkilat üçün ATƏT coğrafiyasında hərtərəfli təhlükəsizliyin təşviqi ilə əməkdaşlığın konkret vasitə və mexanizmlərinin geniş istifadəsinə imkan yarada biləcəyini bildirmişdir.

Hər iki tərəf perspektiv əməkdaşlıq sahələri və birgə layihələrin həyata keçirilməsi üzrə fikir mübadiləsi aparmışdır.