Sunday, 25 September 2022, 04:52:31 — Baku (UTC+4)
Türk Dövlətləri Parlament Assambleyası

TÜRKPA müşahidəçiləri Bakıda görüşlər keçirib

TÜRKPA beynəlxalq müşahidəçilər missiyası 9 fevral 2020-ci ildə keçiriləcək erkən parlament seçkilərinin qısamüddətli müşahidəsini həyata keçirmək məqsədilə Bakıya səfər etmişdir. TÜRKPA-nın Hüquq Məsələləri və Beynəlxalq Əlaqələr Komissiyasının sədri cənab İsmet Uçmanın rəhbərlik etdiyi missiya millət vəkilləri - cənab Berik Ospanov (Qazaxıstan), xanım Dinar Nuketayeva (Qazaxıstan), Ziyadin Jamaldinov (Qırğızıstan), cənab Baxadır Suleymanov (Qırğızıstan), cənab Almazbek Baatırbekov (Qırğızıstan), cənab Yaşar Karadağ (Türkiyə), eləcə də TÜRKPA Katibliyinin diplomatik heyətindən ibarətdir.

8 fevral tarixində missiya TÜRKPA Katibliyində iclas keçirmiş və müşahidə proqramının əsas istiqamətləri üzrə fikir mübadiləsi aparmışdır.

Eyni gündə, müşahidəçilər Azərbaycan Xarici İşlər Nazirinin müavini cənab Ramiz Həsənov ilə görüşmüşdür. Cənab Həsənov müşahidəçiləri salamlamış və bütün seçki prosesi zamanı demokratik dəyərlərə hörmət və şəffaflığın təmin olunması baxımından TÜRKPA-nın seçki müşahidəsinin önəmini qeyd etmişdir.

Missiya rəhbəri cənab Uçma seçkiqabağı müddətdə sakit və dinc şəraiti qeyd etmiş və seçkilərin ədalətli, sərbəst və şəffaf şəkildə keçəcəyindən əminliyini ifadə etmişdir.

Səsvermə günü, missiya Bakıda, eləcə də Şamaxı və Qobustanda seçkiləri müşahidə edəcəkdir. 10 fevral tarixində missiya mətbuat konfransı keçirərək müşahidənin nəticələrinə dair bəyanatını təqdim edəcəkdir.