Sunday, 25 September 2022, 06:53:58 — Baku (UTC+4)
Türk Dövlətləri Parlament Assambleyası

Bakıda Assambleya Şurasının iclası baş tutmuşdur

Assambleya Şurasının 9-cu iclası 18 dekabr 2019-cu ildə Azərbaycan Respublikası Milli Məclisinin ev sahibliyində Bakıda baş tutmuşdur.

Azərbaycan Respublikası Milli Məclisinin Sədri cənab Oqtay Əsədov, Qazaxıstan Respublikası Parlamenti Məclisinin Sədri cənab Nurlan Niqmatulin, Qırğızıstan Respublikası Joqorku Keneşinin Sədri cənab Dastanbek Jumabekov, Türkiyə Böyük Millət Məclisinin Spikeri cənab Mustafa Şentop, eləcə də TÜRKPA Baş katibi cənab Altınbek Mamayusupov iclasda iştirak etmişdir.

Cənab Mustafa Şentopun açılış nitqindən sonra Şura öz işini TÜRKPA-da sədrliyin Türkiyə Böyük Millət Məclisindən Azərbaycan Respublikası Milli Məclisinə təhvil verilməsi mərasimi ilə davam etdirmişdir. TÜRKPA-nın yeni fəaliyyətdə olan sədri cənab Oqtay Əsədov TÜRKPA-nın Türkiyə sədrliyi dövründə türkdilli ölkələr arasında əməkdaşlığa böyük töhfə verən təqdirəlayiq fəaliyyətin həyata keçirildiyi üçün türkiyəli həmkarına təşəkkürünü bildirmişdir.

Şura 2020-ci il üçün Fəaliyyət Planını qəbul etmişdir. Həmçinin iclas Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasına (QDİƏT PA) TÜRKPA-da müşahidəçi statusunun verilməsi haqqında qərarla əlamətdar olmuşdur.