Sunday, 25 September 2022, 05:38:10 — Baku (UTC+4)
Türk Dövlətləri Parlament Assambleyası

TÜRKPA beynәlxalq terrorizmә qarşı mübarizә mövzusunda konfransda iştirak etmişdir

18 aprel 2019-cu il tarixində, baş katib Altınbek Mamayusupovun rəhbərlik etdiyi TÜRKPA nümayəndə heyəti MDB Parlamentlərarası Assambleyasının (MDB PA) 49-cu plenar iclası çərçivəsində Sankt-Peterburq şəhərinin Tavriçeski sarayında baş tutan beynəlxalq terrorizmə qarşı mübarizə mövzusunda konfransda iştirak etmişdir.

Konfrans MDB PA, Avropa Şurası Parlament Assambleyası (AŞPA), ATƏT Parlament Assambleyası (ATƏT PA), Aralıq dənizi Parlament Assableyası (APA), Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı Parlament Assambleyası (KTMT PA), Parlamentlərarası İttifaq (Pİ), BMT-nin terrorizmə qarşı mübarizə idarəsi və BMT-nin narkotik və cinayətkarlıq üzrə idarəsi tərəfindən birgə təşkil olunmuş və parlament nümayəndə heyətləri, beynəlxalq təşkilatlardan olan nümayəndə heyətləri və konsulluq missiyalarının nümayəndələrini bir araya gətirmişdir.

Açılış mərasimi və plenar iclasın ardınca, konfrans öz işinə "Terrorizmə qarşı mübarizədə ortaq strategiyanın formalaşmasında beynəlxalq qurumların rolu", "Xarici terrorist döyüşçülər: Kriminal araşdırma, reabilitasiya və reinteqrasiyanın müasir problemləri və təcrübəsi", "Ekstremist ideyaların yayılmasında şəbəkə texnologiyaları, kütləvi informasiya vasitələri və sosial mediadan gizli istifadənin qarşısının alınması", "Terrorizm və ekstremizmin maliyyələşdirilməsinə qarşı səylərin gücləndirilməsi" kimi 4 sessiya ilə davam etmişdir. Artmaqda olan terrorizm təhlükəsini qeyd edərək iştirakçılar bütün forma və təzahürlərində terror aktları və metodlarını qınamış, eləcə də terrorizm və ekstremizmə qarşı mübarizədə səmərəli beynəlxalq əməkdaşlıq və hərtərəfli fəaliyyətə olan ehtiyacı vurğulamışdır.

Həmçinin TÜRKPA baş katibinin müavini Naurız Aydarov konfransda iştirak etmişdir.