Sunday, 25 September 2022, 05:54:52 — Baku (UTC+4)
Türk Dövlətləri Parlament Assambleyası

Baş katib BMT-nin Rezident Əlaqәlәndiricisi ilә görüşmüşdür

11 aprel 2019-cu il tarixində, baş katib cənab Altınbek Mamayusupov BMT-nin Rezident Əlaqələndiricisi cənab Qulam İsakzai ilə görüşmüşdür.

Görüş zamanı baş katib cənab İsakzaiyə TÜRKPA-nın fəaliyyətinin əsas istiqamətləri barədə məlumat vermiş və Türk əməkdaşlığının parlament ölçüsü olaraq təşkilatın milli qanunvericiliklərin uyğunlaşdırılması, təcrübə mübadiləsi və üzv ölkələrin ekspert potensialının toplanması tədbirləri kimi, milli parlamentlər üçün hüquqi məkanın formalaşdırılmasını hədəflədiyini diqqətə çatdırmışdır.

Cənab Mamayusupov TÜRKPA-nın BMT və onun qurumları ilə əməkdaşlığı inkişaf etdirmək və BMT 2030-cu il Dayanıqlı İnkişaf Məqsədləri istiqamətində hərəkət etmək niyyətində olduğunu qeyd etmişdir.

Öz növbəsində, cənab İsakzai BMT və onun Dayanıqlı İnkişaf Məqsədlərinin önəmini qeyd edərək bunun BMT tarixində 193 üzv dövlət tərəfindən qəbul edilmiş yeganə böyük öhdəlik olduğunu bildirmişdir.

Eyni zamanda, o, Azərbaycan hökuməti ilə tərəfdaşlıqda görülən işlər barədə danışmış və BMT-nin ölkələrlə əməkdaşlıq etməsi baxımından parlamentlərin mühüm rolunu vurğulamışdır.

Ümumilikdə, hər iki tərəf müxtəlif qarşılıqlı layihələr çərçivəsində gələcək əməkdaşlıq imkanları aspektlərinə maraq nümayiş etdirərək fikir mübadiləsi aparmışdır.