Sunday, 25 September 2022, 06:39:10 — Baku (UTC+4)
Türk Dövlətləri Parlament Assambleyası

TÜRKPA Pİ Assambleyasında iştirak etmişdir

TÜRKPA-nın fəaliyyətdə olan sədri və Türkiyə Böyük Millət Məclisinin (TBMM) spikeri cənab Mustafa Şentop 6-10 aprel 2019-cu il tarixlərində Qatarın Doha şəhərində keçirilmiş 140-cı Pİ Assambleyası və müvafiq iclaslarda iştirak etmişdir.

Azərbaycan, Qazaxıstan, Qırğızıstan nümayəndə heyətləri də daxil olmaqla, təqribən 1600 parlamentari, BMT tərəfdaşları və bütün dünyadan ekspertləri Qatarın paytaxtında bir araya gətirən tədbir "Parlamentlər sülh, təhlükəsizlik və qanunun aliliyi üçün təhsilin genişlənməsində platformalar kimi" mövzusunda ümumi müzakirələrlə səciyyələnmişdir.

Müşahidəçi qismində baş katib Altınbek Mamayusupovun rəhbərliyi ilə 140-cı Assambleyada iştirak edən TÜRKPA Katibliyinin nümayəndə heyəti TÜRKPA-nın fəaliyyətdə olan sədri cənab Mustafa Şentop, Qazaxıstan Respublikası Parlament Məclisinin sədri cənab Nurlan Niqmatulin, eləcə də üzv ölkələrdən olan parlamentarilərlə görüşmüşdür.

Həmçinin Assambleya çərçivəsində baş katib Pİ Prezidenti xanım Gabriala Cuevas Barron və Pİ baş katibi cənab Martin Çunqonqla görüşmüşdür. Tərəflər birgə tədbirlərin təşkili imkanları da daxil olmaqla, iki təşkilat arasında əməkdaşlıq aspektlərini müzakirə etmişdir.

6 aprel tarixində, Pİ Assambleyası çərçivəsində keçirilmiş regional parlamentlərarası təşkilatların rəhbərlərinin iclasında iştirak edən baş katib iclasda çıxış etmişdir. İclas zamanı müxtəlif regional parlament təşkilatlarının işi, məqsəd və vəzifələri, o cümlədən, hökumət və demokratiyanın üzləşdiyi əsas qlobal çağırışlar müzakirə edilmişdir.

Qeyd edək ki, TÜRKPA 2010-cu ildən Pİ-də müşahidəçi statusa malikdir.