Sunday, 25 September 2022, 07:02:44 — Baku (UTC+4)
Türk Dövlətləri Parlament Assambleyası

Hüquq Mәsәlәlәri vә Beynәlxalq Əlaqәlәr Komissiyasının iclası Astanada keçirilmişdir

TÜRKPA Hüquq Məsələləri və Beynəlxalq Əlaqələr Komissiyasının yeddinci iclası 1 mart, 2019-cu il tarixində, Qazaxıstan Respublikası Parlament Məclisinin ev sahibliyində Astanada keçirilmişdir.

İclas üzv ölkələrdən olan parlamentarilər və ekspertləri, üzv ölkələrin müvafiq nazirliklərinin nümayəndələri, eləcə də Beynəlxalq Türk Akademiyası və Ahmet Yesevi Beynəlxalq Qazax-Türk Universiteti kimi qurumlardan olan qonaqları bir araya gətirmişdir. İclas gündəliyinin əsas maddəsi "TÜRKPA üzv ölkələrində ali təhsildə ekvivalentlik proseslərinin problemləri" olmuşdur.

İclasa Komissiya sədri və Türkiyə Böyük Millət Məclisinin üzvü cənab İsmet Uçma sədrlik etmişdir. Üzv ölkələrdə ixtisaslaşmış insan resurslarının tanınmasının inkişafı və təkmilləşdirilməsi, eləcə də səlis fəaliyyət göstərən ekvivalentlik proseslərinin Türk dünyası üçün əhəmiyyətini qeyd edərək iştirakçılar ümumilikdə, ali təhsil və ekvivalentlik proseslərində problemlərə ortaq həllərin tapılması üzrə fikir mübadiləsi aparmış və qarşılıqlı faydalı şəkildə birgə mexanizm və praktikanın formalaşdırılması üzrə müzakirələr etmişdir.

Komissiya TÜRKPA-nın 2019-cu ildə Azərbaycanda keçiriləcək Doqquzuncu Plenar İclasına təqdim edilməsi üçün hesabat məruzəsi və tövsiyə qərarını təsdiq etmişdir.

Qeyd edək ki, Komissiya iclasından öncə TÜRKPA üzv ölkələrinin milli qanunvericiliklərinin uyğunlaşdırılması üzrə üçüncü seminar təşkil olunmuşdur. Seminarın açılış mərasimində Komissiya sədri cənab İsmet Uçma çıxış etmişdir. Daha sonra seminar Azərbaycan və Türkiyə parlamentlərinin nümayəndələri tərəfindən müvafiq olaraq turizm haqqında və Türk dünyasının qeyri-maddi mədəni irsinin qorunması haqqında model qanunların təqdimatı və Komissiya üzvləri, digər ekspert və qonaqların çıxışları ilə davam etmişdir.

Həmçinin Komissiya iclası çərçivəsində TÜRKPA-nın 10-cu ildönümünə həsr edilmiş fotosərgi də təşkil olunmuşdur.