Saturday, 24 September 2022, 19:19:39 — Baku (UTC+4)
Türk Dövlətləri Parlament Assambleyası

TÜRKPA ATƏT PA-nın Qış iclasında iştirak etmişdir

Baş katib Altınbek Mamayusupov 21-22 fevral, 2019-cu ildə Vyana şəhərinin Hofburq Sarayında ATƏT-in Qərargahında keçirilmiş Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (ATƏT PA) 18-ci Qış iclasında iştirak etmişdir.

Qış iclası çərçivəsində baş katib TÜRKPA üzv ölkələrinin ATƏT PA nümayəndə heyətlərinin üzvləri ilə görüşmüşdür. Həmçinin cənab Mamayusupov Özbəkistan Oliy Majlisinin (Parlament) Senatının sədr müavini və ATƏT PA Özbəkistan nümayəndə heyətinin rəhbəri Svetlana Artikova ilə görüş keçirmişdir. Baş katib son plenar iclaslarda yüksək səviyyəli Özbəkistan nümayəndə heyətinin iştirakı ilə əlamətdar olan Assambleya və Özbəkistan arasında əlaqələrin fəallaşmasını qeyd edərək TÜRKPA-nın fəaliyyətləri, məqsəd və vəzifələri barədə özbək sədr müavininə məlumat vermişdir. Baş katib Oliy Majlisin TÜRKPA-nın işində tam hüquqlu iştirakının çoxtərəfli səviyyədə türk parlamentlərarası platformasını gücləndirəcəyini vurğulamışdır. Bununla əlaqədar olaraq, o, təşkilatın işi ilə yerində yaxından tanış olmaq məqsədilə, özbək parlamentariləri TÜRKPA Katibliyini ziyarət etməyə dəvət etmişdir. Svetlana Artikova, öz növbəsində, dəvət və verilən məlumat üçün baş katibə təşəkkürünü bildirmiş və Özbəkistan Parlamentinin TÜRKPA ilə yaxından əməkdaşlıq imkanlarını araşdırdığını əlavə etmişdir.

Qış iclasında Avstriya Milli Şurasının Prezidenti Volfqanq Sobotka, ATƏT PA Prezidenti George Tsereteli, ATƏT-in fəaliyyətdə olan sədri və Slovakiya Xarici İşlər Naziri Miroslav Lajčák, ATƏT-in baş katibi Tomas Qreminqer və digərləri çıxış etmişdir. Bu ilki müzakirələr fövqəladə vəziyyətlərdə insan hüquqları, korrupsiyaya qarşı mübarizə, çirkli pulların yuyulması və terrorizmin maliyyələşdirilməsi kimi məsələləri əhatə etmişdir. Eləcə də parlamentarilər ATƏT-in uzanan münaqişələrin həll edilməsi alətləri və mexanizmlərinin təkmilləşdirilməsi məsələsinə toxunmuşdur.