Saturday, 24 September 2022, 21:18:25 — Baku (UTC+4)
Türk Dövlətləri Parlament Assambleyası

Ankarada Meşәlәrin tәbii sәrvәtlәrinin qorunması vә tәbii ehtiyatların ekoloji cәhәtdәn sәmәrәli istifadәsi üzrә seminar keçirilmişdir

23-24 yanvar 2019-cu il tarixində Ankarada Türkiyə Böyük Millət Məclisinin (TBMM) dəstəyi və TÜRKPA-nın təşkilatçılığı ilə “Meşələrin təbii sərvətlərinin qorunması və təbii ehtiyatların ekoloji cəhətdən səmərəli istifadəsi” mövzusunda seminar keçirilmişdir. TÜRKPA-nın Ətraf mühit və təbii ehtiyatlar komissiyası çərçivəsində keçirilən seminarın əsas məqsədi, xüsusilə TÜRKPA üzv ölkələri arasında meşə idarəçiliyi və təbii sərvətlərin ekoloji cəhətdən səmərəli istifadəsi nəzərə alınmaqla komissiyanın gündəliyinə töhfə vermək olmuşdur.

Seminarda üzv ölkələrdən olan parlamentarilər və ekspertlər, eləcə də Türkiyənin Meşə, Təbiətin və milli parkların qorunması, Mədən və neft işləri üzrə Baş İdarələri kimi müvafiq agentliklərinin nümayəndələri toplaşmışdır.

Seminar sözügedən komissiyanın və Azərbaycan Respublikasının Milli Məclisinin Səhiyyə komitəsinin sədri cənab Əhliman Əmiraslanov və eyni komissiyanın sədr müavini və TBMM-nin üzvü cənab Recep Şekerin moderatorluq etdikləri iki sessiyadan ibarət olmuşdur. Birinci sessiyanın açılış mərasimində TÜRKPA-nın Baş katibi cənab Altınbek Mamayusupov, TBMM-nin üzvü və TÜRKPA-nın Hüquqi Məsələlər və Beynəlxalq Əlaqələr Komissiyasının sədri cənab İsmet Uçma, TBMM-nin Ətraf mühit komissiyasının sədri cənab Muhammet Balta və TBMM spikerinin müavini cənab Mustafa Şentop çıxış etmişdir.

Seminarda üzv ölkələrdən olan ekspertlər və Türkiyənin müvafiq agentliklərinin nümayəndələri göstərdikləri təqdimatlarda üzv ölkələrdə cari vəziyyət, qanunvericilik və institutional çərçivəyə dair məlumat vermiş, eləcə də məsələyə dair müzakirələr aparmışdır.

İştirakçılar tərəfindən yekun sənəd olaraq seminarın komissiyanın Bişkek şəhərində keçirilməsi planlaşdırılan 5-ci iclasına təqdim ediləcək yekun hesabatı qəbul edilmişdir.

TÜRKPA üzv ölkələrinin meşə idarəçiliyi və təbii sərvətlərin səmərəli istifadəsinə xüsusi önəm verdiyini nəzərə alaraq, yekun hesabatda siyasət və qanunvericilik çərçivələrinin təkmilləşdirilməsi, meşə təsərrüfatının institusional strukturlarının və imkanlarının gücləndirilməsi və təbii ehtiyatların davamlı istifadəsi, təbii ehtiyatların davamlı idarə olunması üçün ictimaiyyətin məlumatlandırılması və maraqlı tərəflərin iştirakının gücləndirilməsi, eləcə də TÜRKPA üzv ölkələrində meşələr və təbii sərvətlərin səmərəli istifadəsinə dair seminar, forum və digər tədbirlərin keçirilməsi ehtiyacı vurğulanmışdır.

Proqramın praktik hissəsi olaraq iştirakçılar Mineral Tədqiqatlar və Araşdırmalar üzrə Təbiət Tarixi Muzeyi, Türkiyə Toxum Geni Bankı, Soğuksu Milli Parkı, Trona Qazma və Emal Zavodu və Kazan Soda Elektrik şirkətini ziyarət etmişdir.