Sunday, 25 September 2022, 05:55:31 — Baku (UTC+4)
Türk Dövlətləri Parlament Assambleyası

Qırğızıstan Parlamentinin 80-ci ildönümü konfransla qeyd edilmişdir

Baş katib Altınbek Mamayusupov Qırğızıstan Respublikası Joqorku Keneşinin 80-ci ildönümünə həsr edilmiş və 21 dekabr, 2018-ci il tarixində "Joqorku Keneşin 80 ili: təhlillər və qanunvericiliyin perspektivləri" mövzusunda Bişkekdə keçirilmiş elmi-praktiki konfransda iştirak etmişdir. Konfransın açılış mərasimində Qırğızıstan Respublikası Prezidenti cənab Sooronbay Jeenbekov, Qırğızıstan Respublikası Joqorku Keneşinin Sədri cənab Dastanbek Jumabekov və digər vəzifəli şəxslər çıxış etmişdir.

Cənab Mamayusupov TÜRKPA-nın fəaliyyətdə olan sədri və Türkiyə Böyük Millət Məclisi Spikeri cənab Binali Yıldırım adından mesajı diqqətə çatdırmışdır. Öz mesajında TBMM Spikeri Türkiyənin 1991-ci ildə Qırğızıstanın müstəqilliyini tanıyan ilk dövlətlərdən biri olduğunu və parlamentlər arasında artan qarşılıqlı fəaliyyət daxil olmaqla, iki ölkə arasında bu 27 il ərzində ikitərəfli əlaqələrin yalnız sürətlə inkişaf etdiyini qeyd etmişdir. Türkiyə Parlamentinin sədri, həmçinin milli və beynəlxalq səviyyələrdə Joqorku Keneşin mühüm rolunu yüksək qiymətləndirmiş və qanunvericilik orqanının konstitusiya quruluşlu hökumətin əsası olduğunu vurğulamışdır.

Konfrans Joqorku Keneşin qanunvericilik fəaliyyətinin gələcək inkişafı, parlamentin işində vətəndaşların rolunun artımı və digər ölkələrin təcrübəsinin öyrənilməsinin zəruriliyini bildirən Qərarın qəbulu ilə başa çatmışdır.