Saturday, 24 September 2022, 20:58:31 — Baku (UTC+4)
Türk Dövlətləri Parlament Assambleyası

Gәnc Parlamentarilәrin 5-ci Qlobal Konfransı Bakıda tәşkil olunmuşdur

14 dekabr, 2018-ci ildə Parlamentlərarası İttifaqın (Pİ) Gәnc Parlamentarilәrinin 5-ci Qlobal Konfransı Bakıda işə başlamışdır. Azərbaycan Respublikası Milli Məclisi və Pİ-nin birgə təşkil etdiyi konfransın mövzusu "Dayanıqlılığın təşviqi, gələcək nəsillərin maraqlarının qorunması" olmuşdur.

Bütün dünyadan gənc parlamentariləri bir araya gətirən iki günlün konfrans gələcək nəsillərin rifahının və əmin-amanlığının qorunması üçün ortaq baxış ətrafında fikir mübadiləsi və araşdırma aparmaq imkanı yaratmışdır.

Konfrans iştirakçıları ətraf mühitin mühafizəsində gənclərin rolu, dayanıqlı istehlak və istehsal, gənclərin hüquq və imkanlarının genişləndirilməsinin prioritetləşdirilməsi kimi mövzuları müzakirə etmişdir.

Açılış mərasimində Azərbaycan Respublikası Milli Məclisinin sədri cənab Oqtay Əsədov, Pİ Prezidenti xanım Qabriela Kuevas Barron, Gənc Parlamentarilərin Pİ Forumunun Prezidenti xanım Mourine Osoru və Azərbaycan Gənclər və İdman naziri cənab Azad Rəhimov çıxış etmişdir. Daha sonra konfrans müxtəlif panellərlə işinə davam etmişdir.

Həmçinin Baş katib cənab Altınbek Mamayusupov, Baş katibin müavini cənab Fuad Ələkbərov və Ətraf Mühit və Təbii Ehtiyatlar Komissiyasının katibi cənab Emin Həsənovdan ibarət TÜRKPA nümayəndə heyəti konfransda iştirak etmişdir.

Konfrans çərçivəsində cənab Mamayusupov Azərbaycan, Qazaxıstan və Türkiyə parlamentlərinin Pİ nümayəndə heyəti üzvləri, eləcə də Gənc Parlamentarilərin Pİ Forumunun Prezidenti xanım Mourine Osoru ilə görüşmüşdür.