Friday, 07 October 2022, 12:47:25 — Baku (UTC+4)
Türk Dövlətləri Parlament Assambleyası

TÜRKPA nümayәndә heyәti Miqrasiya üçün Qlobal Saziş üzrә Parlament İclasında iştirak etmişdir

6-7 dekabr, 2018-ci ildə TÜRKPA nümayəndə heyəti Mərakeşin Rabat şəhərində keçirilən Təhlükəsiz, düzgün və müntəzəm miqrasiya üçün qlobal sazişin qəbulu münasibətilə Parlament İclasında iştirak etmişdir.

Parlament İclası Parlamentlərarası İttifaq və Mərakeş Krallığının Parlamenti tərəfindən birgə təşkil edilmişdir. Açılış mərasimində Nümayəndələr Palatasının Prezidenti cənab Habib El Malki, Müşavirlər Palatasının Prezidenti cənab Hakim Bençamah və Pİ Prezidenti xanım Qabriela Kuevas çıxış etmişdir. Daha sonra iclas miqrasiya ilə bağlı müxtəlif mövzulara həsr edilmiş fərqli sessiya və panellərlə davam etmişdir.

Tədbir parlamentarilərə 10-11 dekabr, 2018-ci ildə Marrakeçdə Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası tərəfindən 72-ci sessiyasının sonunda qəbul olunacaq qərara əsasən qəbul ediləcək Təhlükəsiz, düzgün və müntəzəm miqrasiya üçün qlobal saziş və bu sənəddə əks olunmuş öhdəliklərin həyata keçirilməsində parlamentlər üçün mümkün olan xüsusi fəaliyyət və alətlər haqqında öyrənmək imkanları təklif etmişdir. Həmçinin iclas miqrasiya üzrə qlobal sazişin həyata keçirilməsi üçün beynəlxalq ictimaiyyətin səylərinə töhfə vermişdir.

Parlament iclasında TÜRKPA nümayəndə heyəti Türkiyə Böyük Millət Məclisinin üzvü və TÜRKPA-nın Sosial, Mədəni və Humanitar Məsələlər Komissiyasının üzvü cənab Mustafa Canbey, TÜRKPA Baş katibinin müavini cənab Naurız Aydarov və TÜRKPA-nın Ətraf Mühit və Təbii Ehtiyatlar Komissiyasının katibi cənab Emin Həsənov ilə təmsil olunmuşdur.

Cənab Mustafa Canbey qlobal və regional çətinliklər və həyata keçirilmə mövzulu Paneldə çıxışlar etmişdir. Öz çıxışlarında Mustafa Canbey TÜRKPA haqqında məlumat vermiş, həmçinin iştirakçıları TÜRKPA-nın miqrasiya məsələlərində iştirakı və regional əməkdaşlıq təşkilatlarının əhəmiyyəti haqqında məlumatlandırmışdır. O, miqrasiyadan qaynaqlanan böhran və faciənin qarşısının alınması məqsədilə möhkəm sərhəd tərəfdaşlığının və regional əməkdaşlıq mexanizmlərinin qurulması ehtiyacını qeyd etmişdir. Bununla əlaqədar olaraq, regional qurumlar rol oynayaraq beynəlxalq səylərə töhfə verə bilər.

cənab Mustafa Canbeyin çıxışı (1)

cənab Mustafa Canbeyin çıxışı (2)

Parlament iclası ərzində TÜRKPA nümayəndə heyəti Qazaxıstan və Türkiyənin Pİ-dəki nümayəndə heyəti və MDB PA nümayəndə heyəti ilə qeyri-rəsmi görüşlər keçirmişdir.

İclasın sonunda dünyanın müxtəlif bölgələrindən olan parlamentarilərin Təhlükəsiz, düzgün və müntəzəm miqrasiya üçün qlobal sazişin həyata keçirilməsinə yardım etmək üçün bütün imkanlarından istifadə etməyə öhdəlik götürdüyü yekun sənəd qəbul edilmişdir.