Sunday, 25 September 2022, 05:36:01 — Baku (UTC+4)
Türk Dövlətləri Parlament Assambleyası

Naxçıvan Türk Şurası birinci Gәnc Liderlәr Forumuna ev sahibliyi etmişdir

26 noyabr, 2018-ci il tarixində Türk Şurası birinci Gәnc Liderlәr Forumu Naxçıvanda baş tutmuşdur.

Forum iştirakçıları Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin abidəsini ziyarət edərək abidə önünə gül qoymuşdur.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov forumun açılışında çıxış etmişdir.

Azərbaycan Gənclər və İdman Naziri cənab Azad Rəhimov, Türk Şurası Baş katibinin müavini cənab Ömer Kocaman və Türk Mədəniyyət və İrsi Fondunun Prezidenti Günay xanım Əfəndiyeva tədbirdə digər çıxış edənlər sırasında yer almışdır. Həmçinin tədbirdə iştirak edən TÜRKPA Baş katibinin müavini cənab Ali Yıldız da çıxış etmişdir.

Öz çıxışında cənab Ali Yıldız müxtəlif sahələrdə fəaliyyət göstərən Türk qurumlarının xalqlarımızın daha da yaxınlaşması və əməkdaşlıq üçün yeni imkanların yaradılmasına töhfə verdiyini bildirmişdir. O, TÜRKPA-nın bu sahədə əhəmiyyətli rolunu vurğulamış və gənclərin hər bir millətin gələcək liderləri olduğundan, təşkilatın üzv ölkələrin gəncləri arasında əlaqələrin gücləndirilməsinə xüsusi diqqət yetirdiyini qeyd etmişdir. Müxtəlif sahələrdə gənclər arasında müzakirələrin əhəmiyyətini vurğulayaraq cənab Yıldız forumun qeyd olunan məsələyə öz dəyərli töhfəsini verəcəyinə əminliyini ifadə etmişdir.

Tədbir, həmçinin Naxçıvan Dövlət Filarmoniya Zalının Kamera Orkestrinin konserti ilə əlamətdar olmuşdur.