Sunday, 25 September 2022, 07:03:15 — Baku (UTC+4)
Türk Dövlətləri Parlament Assambleyası

TÜRKPA Katibliyinin diplomatik heyәti Cocuq Mәrcanlıya sәfәr etmişdir

27 noyabr, 2018-ci il tarixində Baş katib cənab Altınbek Mamayusupov, Baş katibin müavinləri cənab Fuad Ələkbərov, cənab Naurız Aydarov və cənab Ali Yıldız, TÜRKPA Komissiyalarının katibləri cənab Emin Həsənov və cənab Kanatbek Kurmanbekovdan ibarət TÜRKPA Katibliyinin diplomatik heyəti Cəbrayıl rayonu Cocuq Mərcanlı kəndinə səfər etmişdir.

Heyətlə görüşən Cəbrayıl Rayon İcra Hakimiyyəti Başçısı cənab Kamal Həsənov qonaqlara Cocuq Mərcanlının tarixi, eləcə də kəndin geri alınmasından sonra görülən işlər barədə məlumat vermişdir. Öz növbəsində, cənab Mamayusupov Azərbaycan hökuməti tərəfindən kənd üçün görülən işləri yüksək qiymətləndirmiş və həmçinin Assambleya tərəfindən qəbul edilmiş bəyannamələrdə də əks olunmuş TÜRKPA üzv ölkələrinin Azərbaycan Respublikasının ərazi bütövlüyü barədə yekdil mövqeyini xüsusi vurğulamışdır.

Səfərin proqramına kənddə gəzinti və yerli əhali ilə söhbət, orta məktəbə və simvolik xarakter daşıyaraq məşhur Şuşa məscidini xatırladan Cocuq Mərcanlı məscidinə ziyarət daxil edilmişdir.

Cocuq Mərcanlının bərpasının ilk mərhələsi 2017-ci ilin yanvarında Prezident İlham Əliyevin Sərəncamı ilə başlamışdır. İlk mərhələ ərzində Cocuq Mərcanlıda 50 fərdi ev, məktəb, məscid, elektrik yarımstansiyası, hidrometereoloji stansiya, avtomobil yolu və digər müvafiq infrastruktur obyektləri tikilməklə yanaşı, kənd qaz, elektrik və su ilə təmin edilmişdir.

15 iyun, 2017-ci ildə Prezident İlham Əliyev Cocuq Mərcanlı kəndində bərpa işlərinin davam etdirilməsi ilə bağlı tədbirlər haqqında Sərəncam imzalamışdır. Görülən işlərin ikinci mərhələsi olaraq, Prezident Sərəncamı daha çox fərdi evlərin tikilməsi və kəndin infrastrukturunun genişləndirilməsi məqsədi daşıyır.