Avrasiya spikerlәrinin müşavirәsi Antalyada keçirilmişdir
39 ölkədən parlament nümayəndə heyətini və beynəlxalq təşkilatların nümayəndələrini bir araya gətirən Avrasiya Ölkələri Parlament Spikerlərinin Üçüncü Müşavirəsi 8-9 oktyabr, 2018-ci ildə Türkiyə Böyük Millət Məclisinin (TBMM) ev sahibliyində Antalyada keçirilmişdir. Tədbirin əsas mövzusu "Avrasiyada iqtisadi əməkdaşlıq, ətraf mühit və dayanıqlı inkişaf" olmuşdur.
Türkiyə Parlamentinin Spikeri cənab Binali Yıldırım öz açılış nitqində ətraf mühitin çirklənməsi, iqlim dəyişikliyi, müharibə, aclıq, terrorizm, təbii fəlakətlər və ərzaq təhlükəsizliyi kimi qlobal problemlərin öhdəsindən gəlməkdə Avrasiya parlamentlərinin əməkdaşlığının önəmini vurğulamışdır. Həmçinin o, terrorizmə qarşı mübarizədə birgə səy göstərilməsinə və regiondakı münaqişələrin həll olunması üçün əməkdaşlığın gücləndirilməsinə çağırmışdır.
Müşavirə iştirakçı nümayəndə heyətləri rəhbərlərinin çıxışları ilə davam etmişdir.
Müşavirə iştirakçıları konsensus yolu ilə yekun kommunike (bəyanat) qəbul etmişdir. Sənədə əsasən Avrasiya Ölkələri Parlament Spikerlərinin növbəti Müşavirəsi 2019-cu ildə Qazaxıstanda keçiriləcəkdir.
TÜRKPA üzv ölkələri - Azərbaycan, Qazaxıstan və Qırğızıstanın parlament sədrləri, müvafiq olaraq, cənab Oqtay Əsədov, cənab Nurlan Niqmatulin, cənab Dastanbek Jumabekov, eləcə də TÜRKPA Baş katibi Altınbek Mamayusupov müşavirədə iştirak etmişdir. TÜRKPA-nın 2018-ci ildə 10-cu ildönümünü qeyd etdiyini vurğulayan Baş katib Assambleyanın cari və gələcək fəaliyyətləri haqqında məlumat vermişdir.