Thursday, 23 March 2023, 09:17:07 — Baku (UTC+4)
Türk Dövlətləri Parlament Assambleyası

TÜRKPA UNRCCA seminarında iştirak etmişdir

11-12 sentyabr, 2018-ci il tarixlərində Mərkəzi Asiya və Əfqanıstandan olan parlamentarilər, hökumət nümayəndələri, strateji araşdırma institutlarının mütəxəssisləri, eləcə də regional parlamentlərarası qurumların nümayəndələri preventiv diplomatiya vasitəsilə Əfqanıstanın Mərkəzi Asiyada əməkdaşlıq çərçivəsinə cəlb edilməsində parlamentlərin rolunu müzakirə etmək məqsədilə Daşkənddə bir araya gəlmişdir. Tədbir 10-cu illik "Strateji Dialoq" iclası olaraq Birləşmiş Millətlər Təşkilatının Mərkəzi Asiyada Preventiv Diplomatiya üçün Regional Mərkəzi (UNRCCA) tərəfindən təşkil edilmişdir.

İclas iştirakçıları, digər mövzularlar yanaşı, konfliktlərin qarşısının alınması və sülh quruculuğunda parlamentarilərin mühüm rolu, parlament səviyyəsində Əfqanıstan ilə iş zamanı regional təcrübə, Davamlı İnkişaf Məqsədlərinin həyata keçirilməsində Mərkəzi Asiya parlamentlərinin səyləri, eləcə də vasitəçilik və danışıqlarda qadın parlamentarilərin vacib rolu kimi mövzuları müzakirə etmişdir.

Əfqanıstan nümayəndələri Mərkəzi Asiya və Əfqanıstan üçün ümumi olan sülh və sabitlik üçün çətinliklərə cavab verilməsində parlamentlərarası dialoqun əhəmiyyətini vurğulamışdır.

TÜRKPA Baş katibinin müavini cənab Ali Yıldız seminarda iştirak edərək "Preventiv diplomatiyanın həyata keçirilməsində cari regional parlament əməkdaşlığının və Mərkəzi Asiyanın siyasi inkişafında Əfqanıstanın rolu" mövzusunda sessiyada moderatorluq etmişdir. İştirakçılara TÜRKPA-nın strukturu və fəaliyyətləri barədə məlumat verən cənab Yıldız Assambleyanın əsas məqsədinin Türk dünyasında etnik, mədəni və tarixi bağlarla birləşmiş ölkələr arasında siyasi dialoqun gələcək inkişafına dəstək vermək və parlament diplomatiyasının vasitələri ilə regional və qlobal təhlükəsizliyin qorunması məqsədi ilə müxtəlif təşəbbüslərin işlənib hazırlanması və həyata keçirilməsinə əlverişli mühitin yaradılması olduğunu qeyd etmişdir. Beləliklə, TÜRKPA məqsədyönlü yanaşma və regional səviyyədə daha çevik dialoqdan irəli gələn praktiki nəticələrin əldə olunması istiqamətində əla platformadır.

Tədbir regional parlament əməkdaşlığında, o cümlədən, xüsusi alətlər, mexanizmlər və platformalar vasitəsi ilə sülh və sabitliyə qarşı daxili və xarici təhdidlərə cavab verilməsində təcrübə mübadiləsi üçün imkan yaratmışdır.