Türk Şurasının Altıncı Zirvә Görüşü Qırğızıstanda baş tutmuşdur
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) Altıncı Zirvə Görüşü 3 sentyabr, 2018-ci il tarixində Qırğızıstan Respublikası Prezidenti cənab Sooronbay Jeenbekovun ev sahibliyində Qırğızıstanın Çolpon-Ata şəhərində baş tutmuşdur. "Gənclər və Milli İdman Növləri" mövzusu ilə baş tutan və Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev, Qazaxıstan Respublikası Prezidenti cənab Nursultan Nazarbayev, Türkiyə Respublikası Prezidenti cənab Recep Tayyip Erdoğanın qatıldığı Zirvə Görüşündə Özbəkistan Respublikası Prezidenti cənab Şavkat Mirziyoyev və Macarıstanın Baş Naziri cənab Viktor Orban qonaq qismində iştirak etmişdir.
Həmçinin TÜRKPA Baş katibi Altınbek Mamayusupov, TÜRKSOY Baş katibi Düsen Kaseinov, Türk Mədəniyyət və Miras Fondunun Prezidenti Günay Əfəndiyeva Zirvə Görüşündə iştirak etmişdir.
Zirvə Görüşü zamanı dövlət başçıları çıxış edərək türkdilli dövlətlər arasında əməkdaşlığın gələcək inkişafı haqqında öz fikirlərini bölüşmüşdür. Bundan əlavə, dövlət başçılarına sonuncu Beşinci Zirvə Görüşündən sonra həyata keçirilmiş layihələr və təşəbbüslər daxil olmaqla Türk Şurasının son fəaliyyətləri barədə məlumat verilmişdir.
Zirvə Görüşü Macarıstana Türk Şurasında müşahidəçi statusun verilməsi, Türkdilli Dövlətlərin İnteqrasiyası Konsepsiyasının təsdiqi, Çingiz Aytmatovun 90-cı ildönümü ilə bağlı Birgə Bəyanat və milli idman növləri və gənclər sahəsində əməkdaşlığın inkişafı üzrə Birgə Bəyanatın qəbulu kimi mühüm qərarlarla əlamətdar olmuşdur.
Zirvə Görüşündə Səfir Bağdad Amreyevin Türk Şurasının Baş katibi, Dr. Ömer Kocamanın Türk Şurası Baş katibinin müavini və cənab Darxan Kıdıralinin Türk Akademiyasının Prezidenti olaraq təyinatları dövlət başçıları tərəfindən imzalanmış Qərarla təsdiq edilmişdir.
Görüşün sonunda dövlət başçıları Türk Şurası 6-cı Zirvə Görüşünün Çolpon-Ata Bəyannaməsini imzalamış və Türk Şurasının 7-ci Zirvə Görüşünə təqdim olunacaq, həm Türk Şurasının bağlı və bənzər təşkilatları, həm də üzv ölkələrin müvafiq orqanları ilə məsləhətləşmələr çərçivəsində hazırlanacaq Konseptual Sənədə əsaslanan Türk inteqrasiyasının səmərəliliyinin artırılmasının əhəmiyyətini vurğulamışdır.
O cümlədən, Türk Şurasına Sədrlik Qırğızıstan Respublikası tərəfindən təhvil alınmışdır.
Altıncı Zirvə Görüşündən əvvəl dövlət başçılarının iştirakı ilə Çolpon-Atada Üçüncü Dünya Köçəri Oyunlarının açılış mərasimi baş tutmuşdur.