Xarici İşlәr Nazirlәri Şurasının iclası Bişkekdә keçirilmişdir
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) Xarici İşlər Nazirləri Şurasının iclası Türk Şurasının 6-cı Zirvə Görüşü çərçivəsində 2 sentyabr, 2018-ci ildə Qırğızıstan Respublikası Xarici İşlər Naziri cənab Erlan Abdıldayevin ev sahibliyində Bişkekdə keçirilmişdir.
Qazaxıstan Respublikası Xarici İşlər Naziri cənab Kayrat Abdraxmanov, Türkiyə Respublikası Xarici İşlər Naziri cənab Mevlut Çavuşoğlu, Azərbaycan Respublikası Xarici İşlər Nazirinin müavini cənab Ramiz Həsənov iclasda iştirak etmişdir. Həmçinin Macarıstanın Xarici İşlər və Ticarət Naziri cənab Péter Szijjártó qonaq qismində iclasda iştirak etmişdir.
Xarici İşlər Nazirlərinə 2015-ci ildə Astanada baş tutmuş sonuncu Beşinci Zirvə Görüşündən sonra həyata keçirilmiş layihələr və görülmüş işlər də daxil olmaqla Türk Şurasının dörd illik fəaliyyət hesabatı təqdim edilmişdir.
O cümlədən, qırğız milli yazıçısı və Türk Şurası Ağsaqqallar Şurasının Qırğızıstandan olan üzvü cənab Beksultan Jakiyev, TÜRKPA Baş katibi cənab Altınbek Mamayusupov, TÜRKSOY Baş katibi cənab Düsen Kaseinov, Türk Akademiyasının Prezidenti Prof. Dr. Darxan Kıdırali və Türk Mədəniyyət və Miras Fondunun Prezidenti Günay xanım Əfəndiyeva iclasda iştirak edərək Xarici İşlər Nazirləri Şurasına öz qurumlarının fəaliyyətləri haqqında məlumat vermişdir.
TÜRKPA Baş katibi Altınbek Mamayusupov nazirlərə Assambleyanın son fəaliyyətləri barədə məlumat verərək TÜRKPA çətiri altında türkdilli ölkələr arasında əməkdaşlığın səmərəliliyinin artırılmasına istiqamətlənmiş cari işin əsas aspektlərini qeyd etmişdir. Öz çıxışında Altınbek Mamayusupov Türk əməkdaşlığının parlament ölçüsü olaraq TÜRKPA-nın məqsədinin Türk əməkdaşlıq qurumlarının layihə, təşəbbüs və öhdəliklərinin həyata keçirilməsi üçün müvafiq hüquqi və tənzimləyici zəmin formalaşdırmaq olduğunu bildirmişdir. Bununla əlaqədar olaraq, Baş katib nazirləri Türk inteqrasiyasının əsaslarını təmin edəcək model qanunvericiliyin inkişaf etdirilməsi məqsədilə ekspert potensialının toplanması ilə bağlı Katiblik tərəfindən başladılmış iş barədə məlumatlandırmışdır.
İclasda Xarici İşlər Nazirləri Türk Akademiyası və Türk Mədəniyyət və Miras Fondunun müxtəlif əlavə sənədləri, eləcə də Macarıstanın Türk Akademiyasında müşahidəçi statusu haqqında qərarı imzalamışdır. Nazirlər müvafiq sənədləri və 3 sentyabr tarixində keçiriləcək Dövlət Başçıları Şurasında üzv ölkələrin Prezidentləri tərəfindən imzalanacaq Zirvə Görüşü Bəyannaməsini yekunlaşdırmışdır. Həmçinin görüş zamanı nazirlər türkdilli dövlətlər arasında mövcud əməkdaşlığın artırılması üçün atılacaq addımları müzakirə etmişdir. Nazirlər həmin axşam İssık-Kulda başlayacaq Üçüncü Köçəri Oyunlarında qırğız tərəfinə uğurlar arzulayaraq ənənəvi idman növlərinin təşviqinin əhəmiyyətini vurğulamışdır. O cümlədən, nazirlər türkdilli ölkələr arasında nəqliyyat, iqtisadiyyat, ticarət və turizm sahələrində mövcud olan əməkdaşlığın gücləndirilməsinin əhəmiyyətini qeyd etmişdir. Eləcə də nazirlər regional və regionlararası əməkdaşlığın zəruriliyini vurğuyaraq Türk dünyası ilə ortaq mədəni və tarixi bağları olan Macarıstan və Türk Şurası arasında əlaqələrin inkişafından məmnunluqlarını ifadə etmişdir.
İclasın sonunda TRT Avaz və Katiblik tərəfindən hazırlanmış Türk Şurası Müasir İpək Yolu Birgə Tur Paketi reklam filmi iştirakçılara nümayiş etdirilmişdir. Türk Şurası üzv ölkələrini ilk dəfə birgə turda birləşdirmək və Türk xalqlarına və bütün dünyaya İpək Yolu boyunca zəngin mədəni və tarixi irsi təqdim etmək məqsədi daşıyan Müasir İpək Yolu Birgə Tur Paketi Layihəsi 2018-ci ildə fəaliyyətə başlamışdır. Bununla əlaqədar olaraq, nazirlər layihənin hazırkı vəziyyətindən məmnunluqlarını ifadə etmiş və layihənin cəlbediciliyini daha geniş kütləyə yaymasında dəstək verməyə davam edəcəklərini bildirmişdir.