Thursday, 23 March 2023, 08:54:58 — Baku (UTC+4)
Türk Dövlətləri Parlament Assambleyası

Baş katib Türk Mәdәniyyәt vә Miras Fondunun Prezidenti ilә görüşmüşdür

18 may, 2018-ci ildə TÜRKPA Baş katibi Altınbek Mamayusupov Türk Mәdәniyyәt vә Miras Fondunun Prezidenti Günay Əfəndiyeva ilә görüşmüşdür.

Təşkilatın cari və gələcək fəaliyyətlərinə toxunan xanım Əfəndiyeva Türk dünyasına xas unikal mədəni mirasın qorunması və təşviqi istiqamətində həyata keçirilən layihələr haqqında məlumat vermişdir.

2018-ci ilin Türk dünyası üçün mühüm tədbirlərlə zəngin olduğunu qeyd edərək Fondun rəhbəri Türk xalqlarının böyük ictimai xadimlərinin xatirəsinə həsr olunmuş tədbirlərin keçirilməsinin əhəmiyyətini vurğulamışdır. Bu çərçivədə o, 15 may, 2018-ci il tarixində TÜRKPA Katibliyində keçirilmiş Türk dünyasının böyük yazıçısı və mütəfəkkiri Çingiz Aytmatovun 90 illik yubileyinə həsr olunmuş tədbirin əhəmiyyətini qeyd etmişdir.

Öz növbəsində, cənab Mamayusupov gələcəkdə belə tədbirlərin iki qardaş təşkilat tərəfindən birgə təşkilinin Türk dünyasına öz töhfəsini verəcəyinə əminliyini ifadə etmişdir. Cari il ərzində TÜRKPA tərəfindən həyata keçirilməsi nəzərdə tutulan layihələrdən söz açan Baş katib Assambleyanın 10-cu ildönümü münasibətilə təşkil ediləcək tədbirlər haqqında məlumat vermişdir.

Görüş ərzində tərəflər Türkdilli ölkələr arasında əməkdaşlığın və hərtərəfli əlaqələrin gələcək inkişafına təkan verəcək və 2018-ci ilin sentyabr ayında Bişkekdə keçirilməsi nəzərdə tutulan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının gündəliyi barədə fikir mübadiləsi aparmışdır.

Sonda tərəflər təşkilatlar arasında əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri, eləcə də birgə həyata keçiriləcək layihələri müzakirə etmişdir.