Thursday, 23 March 2023, 08:14:13 — Baku (UTC+4)
Türk Dövlətləri Parlament Assambleyası

TÜRKPA vә Türk Şurası prezident seçkilәrinin müşahidәsi ilә bağlı mәtbuat konfransı keçirmişdir

12 aprel, 2018-ci ildə TÜRKPA və Türk Şurası Beynəlxalq Seçki Müşahidə Missiyaları Azərbaycanda Erkən Prezident Seçkilərinin müşahidəsinin nəticələri ilə bağlı birgə mətbuat konfransı keçirmişdir.

Türkiyə Böyük Millət Məclisinin üzvü və TÜRKPA Missiyasının rəhbəri cənab Haluk İpek, TÜRKPA Baş katibi cənab Altınbek Mamayusupov, Türk Şurası Baş katibinin müavini və Türk Şurası Missiyasının rəhbəri Dr. Ömer Kocaman, türkiyəli səfir cənab Metin Kılıç, eləcə də Qazaxıstan Mərkəzi Seçki Komissiyasının nümayəndəsi Naziya Telmuxamedova seçkilərdən öncə və seçki günü ərzində hər iki qurumun müşahidə işini əks etdirən birgə rəy təqdim etmişdir.

Türk Şurası Missiyasının rəhbəri Dr. Ömer Kocaman TÜRKPA və Türk Şurasının ilk dəfə olaraq hər iki missiyanın seçki müşahidəsi üzrə əməkdaşlıq səylərini əks etdirən birgə hesabat hazırladığı barədə kütləvi informasiya vasitələri nümayəndələrinə məlumat vermişdir.

TÜRKPA Baş katibi cənab Altınbek Mamayusupov Türk Şurası ilə birlikdə ilk birgə seçki müşahidəsinin Türk əməkdaşlığı platforması çərçivəsində seçki müşahidəsinin vahid metodologiya və standartlarının inkişafına yol açdığını diqqətə çatdırmışdır. Həmçinin cənab Mamayusupov Missiyanın seçki fəaliyyətinə yaratdıqları şərait üçün müvafiq dövlət orqanlarına təşəkkürünü bildirmişdir.

TÜRKPA Müşahidə Missiyasının rəhbəri cənab Haluk İpek TÜRKPA-nın 11 aprel tarixli rəyində əks olunan nəticələri bir daha təsdiqləmiş, seçki müşahidəsi üzrə Türk Şurası ilə birgə fəaliyyət prosesindən məmnunluğunu ifadə etmiş və Türk əməkdaşlığının beynəlxalq tanınmasının yüksəldilməsi baxımından bunun əhəmiyyətini vurğulamışdır.

Hər iki missiya 11 aprel, 2018-ci ildə Azərbaycanda keçirilmiş erkən prezident seçkilərinin Azərbaycan milli qanunvericiliyi və beynəlxalq seçki standartlarına uyğun təşkil olunduğu qənaətinə gəlmişdir.