Thursday, 23 March 2023, 08:58:52 — Baku (UTC+4)
Türk Dövlətləri Parlament Assambleyası

TÜRKPA müşahidәçilәri azәrbaycanlı rәsmilәrlә görüşlәr keçirmişdir

10 aprel, 2018-ci il tarixində Qazaxıstan Parlamenti Məclisinin üzvü cənab Berik Ospanov, Qırğızıstan Respublikası Joqorku Keneşinin üzvü cənab Duişon Torokulov, Türkiyə Böyük Millət Məclisinin üzvləri cənab Haluk İpek və cənab Ceyhun İrgil, eləcə də Baş katib cənab Altınbek Mamayusupov, Baş katibin müavinləri cənab Fuad Ələkbərov, cənab Naurız Aydarov və cənab Ali Yıldız daxil olmaqla TÜRKPA-nın diplomatik heyətindən ibarət TÜRKPA Müşahidə Missiyası Azərbaycan Respublikası Milli Məclisinin Sədri cənab Oqtay Əsədov ilə görüşmüşdür. Cənab Əsədov müşahidəçiləri salamlamış və Türk əməkdaşlığının parlament ölçüsü tərəfindən Azərbaycanda seçkilərin müşahidəsinin əhəmiyyətini vurğulamışdır. Bununla əlaqədar olaraq cənab Əsədov TÜRKPA-nın seçki müşahidəsinin onun beynəlxalq tanınmasını artırdığını qeyd etmişdir. Bu seçkilərdə TÜRKPA missiyasının rəhbəri cənab Haluk İpek TÜRKPA missiyalarının Azərbaycanda və digər üzv ölkələrdə əvvəlki prezident və parlament seçkilərini də müşahidə etdiyini və öz növbəsində bunun Assambleya çərçivəsində ölkələr arasında əməkdaşlığın xüsusi bir formasını yaratdığını bildirmişdir. Milli Məclis Sədri, həmçinin demokratik seçkilər üçün Azərbaycanın beynəlxalq öhdəliklərini bir daha təsdiqləmişdir.

Azərbaycan Xarici İşlər Nazirinin müavini cənab Mahmud Məmməd-Quliyev ilə görüş zamanı tərəflər Türk əməkdaşlığının perspektivləri haqqında fikir mübadiləsi aparmışdır. Cənab Məmməd-Quliyev Türk əməkdaşlıq qurumlarının həm hökumətlərarası, həm də parlamentlərarası səviyyədə gələcək inkişafının əhəmiyyətini qeyd etmişdir. Bununla əlaqədar olaraq o, Türkdilli ölkələr arasında səmərəli iqtisadi əməkdaşlığın və belə əməkdaşlığın qanunvericilik çərçivəsinin inkişafına TÜRKPA-nın töhfəsinin xüsusi əhəmiyyətini vurğulamışdır. Cənab Məmməd-Quliyev, həmçinin TÜRKPA və Türk Şurasının birgə seçki müşahidəsi təşəbbüsünü yüksək qiymətləndirmişdir.

Həmin gün missiya üzvləri Azərbaycan Mərkəzi Seçki Komissiyasının (MSK) Sədri cənab Məzahir Pənahov ilə görüşmüşdür. Cənab Pənahov missiyanı erkən prezident seçkilərinə hazırlıqlarla bağlı görülən tədbirlər, xüsusən, maddi-texniki məsələlər və seçki məntəqələrində son dəyişikliklərlə bağlı məlumatlandırmışdır. Cənab Haluk İpek seçkiqabağı müddətin sakit və dinc şəraitdə keçdiyini vurğulamış, seçkilərin ədalətli, sərbəst və şəffaf şəkildə keçəcəyinə inamını ifadə etmişdir.