Sunday, 22 May 2022, 11:55:18 — Baku (UTC+4)
Türkdilli Ölkәlәrin Parlament Assambleyası

Türk Dövlətləri Təşkilatı

Türk Dövlətləri Təşkilatı 2009-cu ildə Türk dövlətləri arasında hərtərəfli əməkdaşlığın təşviq edilməsi məqsədilə beynəlxalq hökumətlərarası təşkilat kimi yaradılmışdır. Onun dörd qurucu üzv dövlətləri Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyədir. 2019-cu ilin oktyabrında Bakıda keçirilən 7-ci Sammitdə Özbəkistan təşkilata tamhüquqlu üzv kimi qoşulub. Macarıstan 2018-ci ilin sentyabrında Qırğızıstanın Çolpon-Ata şəhərində keçirilən 6-cı Zirvə Toplantısı zamanı təşkilatda müşahidəçi statusu alıb. Bu yaxınlarda isə 2021-ci ilin noyabrında keçirilən 8-ci Zirvə toplantısında Türkmənistan təşkilata Müşahidəçi üzv kimi qoşulub.

Türk Dövlətləri Təşkilatı Birləşmiş Millətlər Təşkilatı (BMT) Nizamnaməsinin məqsəd və prinsipləri, digər beynəlxalq tanınmış prinsiplər, suveren bərabərlik, ərazi bütövlüyü, dövlətlərin beynəlxalq tanınmış sərhədlərinin toxunulmazlığı, eləcə də beynəlxalq sülh və təhlükəsizliyin qorunması və üzv dövlətlər arasında mehriban qonşuluq, dostluq əlaqələrinin və əməkdaşlığın inkişafı da daxil olmaqla beynəlxalq hüquq normalarına sadiq beynəlxalq təşkilatdır.

Türk Dövlətləri Təşkilatı sülh və sabitliyin gücləndirilməsi, üzv ölkələr arasında geniş əməkdaşlıq və ümumi inkişaf üçün potensialın açılmasının təşviqinə həsr edilmiş təşkilatdır. Xüsusi ölkələr qrupunu bir araya gətirməsinə baxmayaraq təşkilat eksklüziv yanaşmadan istifadə etmir. Əksinə, Türk dövlətləri arasında dərin əlaqələri və həmrəyliyi təşviq edərək Avrasiya materikində, xüsusən, Mərkəzi Asiya və Qafqazda beynəlxalq əməkdaşlığın inkişafı üçün yeni regional vasitə kimi xidmət etmək məqsədi güdür.

Ortaq tarix, ortaq dil, ortaq kimlik və ortaq mədəniyyət kimi dörd əsas sütun üzərində qurulmuş olaraq Türk Dövlətləri Təşkilatı özünü bu ümumiliklərlə məhdudlaşdırmır. Daha doğrusu, təşkilat Üzv Dövlətlər arasında iqtisadiyyat, elm, təhsil, nəqliyyat, gömrük, turizm və digər müxtəlif sahələr kimi mövcud ikitərəfli əməkdaşlıq sahələrini genişləndirərək regiona fayda verməsi üçün çoxtərəfli əməkdaşlığa çevirmək niyyəti daşıyır.

Həmçinin Türk Dövlətləri Təşkilatı yalnız Üzv Dövlətlər çərçivəsi daxilində özünü məhdudlaşdırmır, regionda, xüsusilə, nəqliyyat, gömrük, turizm və s. sahələrdə sülh və sabitliyin təmin edilməsi məqsədilə qonşu dövlətlər ilə əməkdaşlıq edir.

Bundan əlavə, Türk Dövlətləri Təşkilatının fəaliyyətləri Türkdilli Ölkələrin Parlament Assambleyası (TÜRKPA), Beynəlxalq Türk Mədəniyyət Təşkilatı (TÜRKSOY), Türk Akademiyası, Türk Mədəniyyət və Miras Fondu və Türk Biznes Şurası, Türk Universitetləri Birliyi və Türk Ticarət və Sənaye Palatası kimi təşkilatlar tərəfindən dəstəklənir.

www.turkkon.org