A PHP Error was encountered

Severity: Notice

Message: Undefined property: Domain\Archives::$description_meta

Filename: controllers/Archive.php

Line Number: 42

Backtrace:

File: /var/www/app/turk-pa/vendor/monolog/monolog/src/Monolog/ErrorHandler.php
Line: 164
Function: call_user_func

File: /var/www/app/turk-pa/application/controllers/Archive.php
Line: 42
Function: handleError

File: /var/www/app/turk-pa/index.php
Line: 325
Function: require_once

Baş katib Jandos Asanov: TürkPA ötən illərdə böyük inkişaf mərhələsi keçmişdir - Turk-PA.org
Friday, 07 October 2022, 23:38:06 — Baku (UTC+4)
Türk Dövlətləri Parlament Assambleyası

Baş katib Jandos Asanov: TürkPA ötən illərdə böyük inkişaf mərhələsi keçmişdir

25.11.2013 10:04
Bakı, 22 noyabr (AzərTAc).
2008-ci il noyabrın 21-də İstanbulda Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstan qanunverici orqanları arasında Türkdilli Ölkələrin Parlament Assambleyasının (TürkPA) yaradılmasına dair saziş imzalanmışdır. Ötən illərdə TürkPA böyük inkişaf mərhələsi keçmişdir.
TürkPA-nın baş katibi Jandos Asanov qurumun tarixi, fəaliyyəti, qazandığı nailiyyətlər barədə AzərTAc-a müsahibə vermişdir.
Jandos Asanov demişdir ki, tarixən türkdilli xalqlar və icmalar hər zaman bir-biri ilə bağlı olmuşlar. Keçən əsrin 90-cı illərində baş verən geosiyasi dəyişikliklər dünyanın siyasi xəritəsində yeni türkdilli dövlətlərin yaranmasına gətirib çıxarmış və onlar arasında əlaqələr inkişaf edərək genişlənməyə və dərinləşməyə başlamışdır. Bu əlaqələrin əhatə dairəsi çoxşaxəlidir. Məsələn, 1993-cü il iyulun 12-də Almatıda Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) yaradılmasına dair Sazişin imzalanması türk xalqları və icmalarının mədəni irsinin dirçəlişi və təbliğatına yol açmışdır.
1990-cı illərdən başlayaraq təhsil sahəsində əməkdaşlıq kifayət qədər inkişaf etmişdir. Bu illər ərzində digər türkdilli dövlətlərdə Türkiyənin bir sıra təhsil müəssisələri açılmışdır. Hazırda tələbələrimiz türkdilli ölkələrdə yerli universitetlərdə təhsil almaq kimi geniş imkanlara malikdir. Eyni zamanda, media nümayəndələri də ölkələr arasında mütəmadi olaraq informasiya axınını təmin edirlər.
Baş katib bildirmişdir ki, türkdilli ölkələr arasında qarşılıqlı iqtisadi əlaqələr də diqqətəlayiqdir. Qazaxıstanın Türkiyə ilə ikitərəfli ticarət dövriyyəsi dörd milyard dollar təşkil edir. Qırğızıstan ilə bu rəqəm bir milyard dolları ötmüş, Azərbaycan ilə yarım milyard dollara çatmışdır. Qazaxıstanın Azərbaycan ilə ikitərəfli iqtisadi əməkdaşlığı daim inkişaf edir.
Türkdilli dövlətlər arasında əlaqələr yüksək səviyyəyə çatdıqdan sonra türk dünyasında dövlətlərarası münasibətlərin inkişafına yardım edən və hərtərəfli əməkdaşlığı əlaqələndirən qurumlara tələbat artmışdır. Bunun nəticəsi olaraq, 2008-ci ildə TürkPA, 2009-cu ildə isə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası yaranmışdır. TürkPA-nın əsas məqsədi quruma üzv ölkələr arasında daimi inkişaf üçün qanunvericilik bazasının yaradılmasıdır. Bir sözlə, TürkPA türk dünyasının parlament ölçüsüdür.
Cari il oktyabrın 1-dən etibarən TürkPA-nın əsas orqanı - Katibliyi fəaliyyətə başladı və daimi əsasda Bakıda yerləşdi. Bu il isə TürkPA-nın baş katibi vəzifəsi rotasiya qaydasında Azərbaycandan Qazaxıstana keçdi. TürkPA çərçivəsində mədəniyyət, təhsil, iqtisadi əməkdaşlıq, qanunvericilik və beynəlxalq əlaqələr sahələri ilə məşğul olan dörd komissiya fəaliyyət göstərir. Beləliklə, TürkPA-nın institutlaşması davam edir. Eyni zamanda, TürkPA ATƏT Parlament Assambleyası, Parlamentlərarası İttifaq, İslam Əməkdaşlıq Təşkilatı və bir sıra digər beynəlxalq qurumlarla əməkdaşlıq əlaqələri yaratmışdır.
Türkdilli ölkələr arasında əməkdaşlıq imkanlarından bəhs edən J.Asanov təşkilatın üzvü olan dövlətlərin daxili zənginliyə və sürətli iqtisadi tərəqqiyə malik olduğunu vurğulamışdır.
O demişdir: “Türkdilli ölkələr arasında birgə əməkdaşlıq üçün bir çox sahələr mövcuddur. Qazaxıstan Prezidenti Nursultan Nazarbayev Qəbələdə keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının III Zirvə toplantısındakı çıxışında qardaş xalqlar və qonşu ölkələr arasında qarşılıqlı faydalı əməkdaşlığın gücləndirilməsinə ehtiyac duyulduğunu və türk dövlətlərinin birgə ümumi daxili məhsulunun 1 trilyon 150 milyard dollar təşkil etməsinə baxmayaraq, onlar arasında ticarət dövriyyəsinin həcminin mövcud potensialdan aşağı olduğunu vurğulamışdır. Həqiqətən də ölkələrimizin ümumi iqtisadi gücü ildən-ilə artır. Qazaxıstan, Azərbaycan və Türkiyə, həmçinin kosmik proqramlara malikdirlər. Bununla yanaşı, TürkPA-nın üzv dövlətləri iqtisadiyyatlarına yeni texnologiya və ixtiralar təqdim etməklə yerli sənaye sahələrini inkişaf etdirirlər. Karbohidrogen boru kəmərləri, avtomobil və dəmir yolu şəbəkələri inşa olunur və ya təmir edilir. Yaxın iki il ərzində beynəlxalq Qərbi Çin-Qərbi Avropa avtomobil xəttinin inşası başa çatacaqdır. Qazaxıstan Türkmənistan ilə həmsərhəd Qorqas-Jetiqen və Janqa-Ozen dəmir yolu xəttini artıq istismara vermişdir və Mərkəzi və Qərbi Qazaxıstanı birləşdirəcək nəhəng dəmir yolu xətti çəkilməkdədir. Gələn il Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin inşası başa çatacaqdır. Aktau və Bakı dəniz limanları arasında gəmi daşınmaları isə inkişaf etməkdədir. Bütün bu layihələr qədim İpək Yolunun bərpası və türk əməkdaşlığı çərçivəsində ticarət və sərmayə əməkdaşlığının gələcək inkişafı məqsədi ilə həyata keçirilir”.
Baş katib demişdir ki, ölkələrimiz müxtəlif beynəlxalq və regional təşkilatların üzvüdür. Buna görə də türk qurumları Şərq, Qərb, Şimal və Cənub hökumətlərarası təşkilatlar arasında bir körpü kimi fəaliyyət göstərə bilər və bunun üçün kifayət qədər potensial vardır. Yuxarıda qeyd olunan bir sıra məsələlər TürkPA-nın gündəliyinə daxil edilməlidir və həll olunmalıdır. Bu gün türk ölkələri müasir dünya ilə ayaqlaşmaq üçün qarşılıqlı informasiya mübadiləsini genişləndirməlidir. Bizim xəbər agentlikləri və jurnalistlər üçün kifayət qədər görüləcək işlərimiz vardır. Eyni zamanda, bu gün biz digər türk dillərini bilən ekspert, mütəxəssis və alimlərə ehtiyac duyuruq. Bu, bizə mədəniyyət, elm, təhsil və başqa sahələrdə nailiyyətlər qazanmağa və təcrübə mübadiləsinə imkan yaradır.
J.Asanov bildirmişdir ki, TürkPA BMT-nin Nizamnaməsinə tam sadiqdir. Bundan əlavə, ölkələrimizin hamısı ATƏT-in üzvləridir və bu qurumun hədəf və məqsədlərini qəbul edir. Bu məsələlər TürkPA tərəfindən qəbul edilən Bişkek və Ankara bəyannamələrində öz əksini tapmışdır və həmin sənədlərdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü və sərhəd toxunulmazlığı əsasında sülh yolu ilə həll edilməsinin vacibliyi vurğulanır.
Azərbaycan haqqında zəngin təəssüratlarından danışan J.Asanov xalqımızın qonaqpərvərliyini yüksək qiymətləndirmiş, Bakının qədim və müasir memarlıq nümunələrinin şəhərə xüsusi gözəllik verdiyini söyləmişdir.
Baş katib TürkPA Katibliyinin fəaliyyətinə dəstəyinə görə Milli Məclisə təşəkkürünü bildirmişdir. O, artıq Azərbaycan dilini öyrənməyə başladığını, yaxın vaxtlarda bu dildə sərbəst danışmaq arzusunda olduğunu diqqətə çatdırmışdır.

Azərbaycan Dövlət Teleqraf Agentliyi
http://www.azertag.gov.az/node/1162986